Mühəndis Mahmud Asadast Həzrət Rzanın (ə.s) ziyarətgahında aparılan təmir işlərinin təsvirini bölüşüb. Bu haqda iyunun 22-də hərəmin mətbuat xidməti xəbər paylaşıb.
Hərəmin həyətindəki səkinin su izolyasiyası yaxşılaşdırılacaq. Su izolyasiyasının təmiri məsələsi 1996-cı ildən qaldırılır. Müxtəlif dövrlərdə bu məqsədlə təmir işləri aparılırdı, lakin bir yerdə sızmanın qarşısı alındıqda digər yerdə əmələ gəlirdi. Nəticədə yağış sularını toplamaq üçün çənlər quraşdırılmışdı.
Mühəndisin sözlərinə görə, memarlıq keyfiyyətini qorumaq üçün həyətin döşəmə planı İran-İslam memarlığına uyğunlaşdırılacaq.
Hərəmin həyətində daha az işıq əks etdirən yeni qalın səki daşları döşənəcək. Öncəki səki daşlarının keyfiyyətinə baxmayaraq, onların istifadə müddəti başa çatıb. Yeni daşlar 5 santimetr qalınlığına malik olaraq daha davamlı olacaqlar. Həmçinin qeyd olunub ki, köhnə daşların digər yerlərdə istifadə olunması üçün onlar təhlükəsiz şəkildə qoparılmalıdır.
Sözügedən layihə nəzir vəsaitləri ilə həyata keçiriləcək. Ziyarətçilərin rahatlığını və təmirin aparılmasını təmin etmək məqsədilə hazırda həyət yarıya bölünüb.
Təmir işlərinin Novruz bayramına, 2023-cü ilin mart ayına kimi başa çatdırılması planlaşdırılır.
Layihənin icrasının cari ilin əvvəlində başlanması nəzərdə tutulmuşdu, lakin zəvvarların çoxluğu səbəbindən iyunun ikinci yarısına təxirə salınıb.