İslam şəriətinə əsasən, bir kişi qəza namazı olduğu halda vəfat edərsə, onun böyük oğlu atasının qəza namazlarını qılmalıdır. Lakin bu mövzuda bir neçə istisna və şərtlər mövcuddur.
Belə ki, əgər ata qəsdən namaz qılmayıbsa, yəni cahil bir şəxs olubsa, o zaman onun namazlarının qəzasını qılmaq oğluna vacib deyil. Amma ata üzrlü səbəbdən, məsələn: unutqanlıq üzündən və ya namazı yatıb qaldığına görə qəzaya verərsə, o zaman onun ölümündən sonra böyük oğlu həmin qəzaları qılmalıdır. Burada məsələ, həmçinin atanın sağlığında öz qəzalarını qılmasına qadir olub-olmamasıdır. Məsələn: əgər xəstəlik və ya digər bir səbəbdən atanın namaz qılmağa qüdrəti olmasa, bu zaman qəzalar onun oğluna vacib olmur.
Vacib namaz dedikdə, bu, həm gündəlik olan beş namaz, həm də ayət, təvaf və digər vacib namazlardır.
Böyük oğul dedikdə isə atanın sağlığında yaşayan böyük oğul nəzərdə tutulur. Lakin əgər həmin oğul da atasından sonra vəfat etsə, atanın qəza namazları yaşca kiçik olan növbəti oğula vacib olmur.
Əgər böyük oğul atasının qəza namazı olub-olmadığına şəkk edirsə, ona heç nə vacib deyil. Amma əgər böyük oğul atasının qəza namazı olduğunu bilirsə, ancaq onu qılıb-qılmadığına şəkk edirsə, ehtiyata əsasən, həmin namazın qəzasını qılması vacibdir.
Qeyd edək ki, oğul varislik hüququndan məhrum olarsa, bu halda atanın qəza namazları ona vacib olmur.
*Hökmlər Seyyid Sistaninin risaləsinə əsasən yazılıb