Nəfsi-mütməyinə insanın elə bir halıdır ki, o, üsyankar hisslərin qarşısında dayanmağı bacarır. Bu zaman ağıl və iman o qədər güclü olur ki, insan nəfsani istəklərə qalib gəlir. Bu əminlik məqamı Peyğəmbərlərə (ə.s) və İmamlara (ə.s) aiddir.
“Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir), dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!” (Fəcr/27-28).
Daha öncəki məqalədə qeyd etdiyimiz kimi, insan üç nəfsə malikdir: əmmarə, ləvvamə və mütməyinə. Nəfsi-əmmarə insanı günaha sövq edir. Nəfsi-ləvamə insanın daxilində olan qüvvədir ki, günaha düşdükdən sonra onu danlayır və məzəmmət edir.
Bəzən insanlar bütün işlərini nəfsinin öhdəsinə qoyur. Şeytan pis işləri onun üçün zinətləndirər və qəlbinə pərdə çəkər ki, xeyir və şəri ayıra bilməsin. Bu zaman insan cahil kimi düşünər. “(Bəli,) onlar yalnız gümana və nəfsi istəklərə tabe olurlar, halbuki Rəbbləri tərəfindən onlara hidayət vasitəsi (Quran və Peyğəmbər) gəlmişdir”. (Nəcm/23).
İmam Əli (ə.s) buyurur: “Nəfs davamlı olaraq itaətsizlik və günah istəyindədir”.
Beləliklə, ləvvamə nəfsi insanın dostudursa, əmmarə nəfsi insanın düşmənidir. Bu səbəbdən insan öz daxilində olan əmmarə nəfsini nəzarətə almalıdır və onunla mübarizə aparmalıdır.