Bir çoxları hesab edir ki, İslam dinində heykəltəraşlığa və rəsm çəkməyə müsbət yanaşılmır. Lakin bu mövzuda bir neçə şərtə əməl etməklə sözügedən işlərlə istər peşə kimi, istərsə də hobbi kimi məşğul olmaq olar. Bu məsələdə şəriət alimləri arasında fikir ayrılığı mövcuddur.
Ayətullah Sistaninin nəzəri:
Ağac, qələm və bu qəbildən olan ruhsuz əşyaların hətta qabarıq olsa belə rəsmlərini çəkmək və ya heykəllərini düzəltmək icazəlidir. İnsan və heyvan kimi ruhu olan canlıların da rəsmini çəkməyin eybi yoxdur, bir şərtlə ki, şəkil qabarıq olmasın (məsələn: kompüter qrafikası).
Lakin ruhu olan canlıların qabarıq rəsmlərini və ya heykəllərini düzəltmək vacib ehtiyata əsasən, haramdır. Buraya paltar sərgisi üçün düzəldilən maneken və oyuncaqlar da aiddir. Həmçinin lazım ehtiyata görə, belə təsvirləri düzəldib satmaq da icazəli deyil. Amma bu cür əsərlərin alqı-satqısı ilə məşğul olmağın hərçənd onları evdə saxlamaq məkruh olsa da eybi yoxdur.
Dövrümüzdə karikatura janrında olan şəkillərə gəlincə isə bu möminə qarşı hörmətsizlik sayılmamalıdır. Hətta əgər mömin şəxs özü buna razılıq verərsə, amma bu şəkil onun hörmətinə zərər gətirərsə belə bir karikaturanı çəkmək haramdır. Ancaq əgər müasir ürfdə hörmətsizlik və həqarət hesab edilmirsə, eybi yoxdur.
Ayətullah Xameneinin nəzəri:
Heykəl düzəltmək və rəsm çəkmək, qabarıq və hər hansı bir canlının təsviri ilə olsa belə icazəlidir. Həmçinin bu işlə məşğul olaraq pul qazanmağın da maneəsi yoxdur.
Ayətullah Məkarim Şirazinin nəzəri:
Alimin nəzərinə görə, rəsm çəkməyin heç bir halda problemi yoxdur. Lakin heykəl düzəltmək icazəli deyil. Heykəl mövzusunda oyuncaq məqsədilə düzəldilən heykəllər istisnadır.