İnsan üç nəfsə malikdir: əmmarə, ləvvamə və mütməyinə. Əmmarə nəfsi insanı daima pisliklərə tərəf çəkir, maddi dünyaya meyil etdirir, ləzzət və şəhvət istəklərini gücləndirir. “Əmmarə” ərəb dilindən tərcümədə “əmr edən nəfs” mənasını verir.
Nəfsi-əmmarə haqqında Quranda yazılıb: “Mən özümü təmizə çıxarmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər…” (Yusuf, 53).
Əmmarə nəfsi vasitəsilə şeytan insana nüfuz edə bilir. Bu nəfs şeytanın ordusundan bir hissəsi sayılır.
İblis insanı zahirdən vəsvəsə edir, əmmarə nəfsi isə batindən. Beləliklə, əmmarə nəfsi həmişə şeytanın hakimiyyəti altındadır. Şeytan sözügedən nəfsdən istifadə edərək irəli gəlir və insanı öz qulu edir.
Peyğəmbər (s) əmmarə nəfsini ən pis düşmən kimi qələmə verib və əmmarə nəfsi ilə mübarizəni böyük cihad adlandırıb. Çünki döyüş meydanında vuruşma (kiçik cihad) nə qədər çətin olsa da, nəfs ilə mübarizə bundan daha çətindir. İnsanın ən böyük qələbəsi əmmarə nəfsinə qalib gəlməkdir.
“Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən, özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə bilər? Məgər ibrət götürmürsünüz?”. (Casiyə 23).
Beləliklə, ləvvamə nəfsi insanın dostudursa, əmmarə nəfsi insanın düşmənidir. Bu səbəbdən insan öz daxilində olan əmmarə nəfsini nəzarətə almalıdır və onunla mübarizə aparmalıdır.