İnsan üç nəfsə malikdir: əmmarə, ləvvamə və mütməyinə. İnsanın daxilində elə bir qüvvə var ki, günaha düşdükdən sonra insanı qınayır, onu danlayır, məzəmmət edir və ruhun aramlığını aradan götürür. Quran bu qüvvəni “ləvvamə nəfs” adlandırır. Müasir alimlər isə bu qüvvəyə “vicdan əxlaqı” deyirlər. “And olsun qiyamət gününə və ləvvamə nəfsinə!” (Qiyamət surəsi 1-2)

Sözügedən nəfs fitrətin bir hissəsidir. Allah bu qüvvəni insanın daxilində qərar verib ki, o, xeyir və şər yollarını tanıya bilsin. Hətta ilk insanlarda da vicdan hisslərinin olması kəşf edilmişdir. Belə ki, antik dövrlərdə yaşayan tayfaların pis əməl gördükdə özlərini günahkar hesab etmələri haqda faktlar mövcuddur. Buna görə onlar özlərini məzəmmət edərdilər. Bütün bunlar bəşərin yarandığı andan vicdan hissinin insanda olmasının göstəricisidir.

Vicdan insanlara yaxşı bələdçi və doğru şahidlik edən ədalətli dostdur. Onun səsini kəsmək mümkün deyil. İnsan, hətta cinayət edib hansısa bir yolla qanuni cəzadan qurtula bilər, lakin vicdan əzabından qurtula bilməz. Vicdanın ən ağır cəzası mənəvi narahatlıq və ruhi aramlığın aradan getməsidir. Dəfələrlə müşahidə edilib ki, günahın acısı insanı iştah, yuxu və ağıldan məhrum edib.

İmam Əli (ə.s) buyurub: “Yaxşılıq heç vaxt köhnəlməz və günah heç vaxt unudulmaz”. (Tuhəful-uqul, səh. 214)

“Vicdan insan qarşısında Allahın tərəzisidir. Vicdan razı olan təqdirdə, Allah da razıdır, nə onu, nə də Allahı aldatmaq qeyri-mümkündür. Həmişə bizim əməllərimizə nəzarət edən vicdan adlı bu gözəl mələyi, bəlkə də, məkr və hiylə ilə yuxuya verə bilsək də, Allah  heç vaxt yuxuya getməz. Vicdan da tez və ya gec ayılacaq və çəkinmədən bizim bütün çirkin əməllərimizi aşkar edəcək. Allah sizdən razı olsun deyə, vicdanınızı razı salın və nəticədə xoşbəxt, xoşhal və rahat olun”,- Aviburi.

Mənbələr:

  1. Xoşbəxtlik axtarışında;
  2. Günahın acısı.