Körpə ana bətnində Allahdan soruşur:

– İlahi, mənim yeməyim, içməyim, havam göbəyimlə gəlir. Mənə verdiyin ağız, burun niyə lazımdı? Mənə ayaqlar vermisən. Bu balaca yerdə onlar mənim nəyimə gərəkdir? Əllər vermisən. Onlarla nəyi tutacam? Mənə gözlər vermisən, bir haldakı hər tərəf qaranlıqdır. Onlarla hara baxacam? Qulaqlar vermisən. Onlarla nəyi eşidəcəm? Mənə gərək olan bir tək göbəyim deyilmi? O, mənim bütün ehtiyaclarımı ödəmirmi?

Allah cavabında buyurur:

– Tələsmə, insan övladı! Bir müddətdən sonra səni elə bir dünyaya aparacam ki, bu gün lazımsız bildiyin şeylər orada sənin ən zəruri orqanlarına çevriləcəklər. Bu gün gərəkli hesab etdiyin göbəyi isə kəsib tullantı kimi torpaqda basdıracaqlar.

İnsan övladı dünyaya gəldikdən bir qədər sonra Allah ona ibadət etməyi və bununla ruhunu inkişaf etdirməyi, mənəviyyatlı olmağı əmr edir.

İnsan yenə Allaha sual verir:

– İlahi, mənim yaşamağım üçün gərək olan hər şeyi vermisən. Görən gözüm, eşidən qulağım, tutan əlim, gəzən ayağım, yeməyə ağzım, nəfəs almağa burnum var. Bunlar mənə kifayət deyilmi? Xoşbəxt olmağım üçün bədənim bəs deyilmi? Ruhumun inkişafı, mənəviyyat mənim nəyimə gərəkdir?

Allah cavab verir:

– Tələsmə ey insan övladı! Bir müddətdən sonra səni elə bir dünyaya aparacağam ki, bu dünyada gərəksiz bildiyin mənəviyyat, ruhi yüksəliş sənin ən gərəkli orqanlarına çevriləcəklər. Gərəkli hesab etdiyin bədəni isə tullantı kimi torpağa basdıracaqlar.