Azərbaycanlı fəqih Ayətullah Hacı Şeyx Məhəmməd Təqi təxminən 1915-ci ildə İraqın Nəcəf şəhərində dünyaya gəlib. O, əslən İrəvandan olub.
Alimin babası mərhum Ayətullah əl-Üzma Şeyx Məhəmməd Fazil İrəvani Nəcəfin tanınmış alimlərindən biri idi. Məhəmməd Təqinin özü də gənc yaşlarından İslam elmlərinə böyük rəğbətlə yanaşıb. O, ilk dini təhsilini Şeyx Həsən Həmzəvi, Şeyx Məhəmməd Əşkuri, Şeyx Saleh Cəfəri və Şeyx Mirzə Mahmud Mərağidən alıb.
Elmini artırıb ali təhsil almaq üçün Şeyx Məhəmməd Nəcəfin böyük ustadlarına müraciət edir. Bunlar Ayətullah Mirzə Fəttah Şəhidi Təbrizi, Ayətullah Musa Xonsari və Ayətullah Xoyi kimi şəxsiyyətlərdir.
Təhsilini bitirdikdə azərbaycanlı alim Nəcəfin üsuli-fiqh ustalarından birinə çevrilir və tələbələrə dərs deməyə başlayır. Lakin XX əsrin ortaları bir çox alimlər kimi Şeyx Məhəmməd də İraqdan didərgin düşür. Bu səbəbdən o, İranın Qum şəhərinə köçür.
Şeyx Məhəməd Təqi bir sıra elmi əsərlərin müəllifidir. Belə əsərlər sırasına “Kitab ər-Rza”, “Təqrirati üsuli-fiqh” və bir çox rəsail və məkasib kitablarını aid etmək olar. Bu gün də Şeyxin kitabları hövzələrdə dərslik kimi istifadə edilir.
Alimin vəfat tarixi ilə bağlı dəqiq məlumat yoxdur.
Mənbə:
- Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.