Müqəddəs Kazımiyyə şəhərinin sakinlərinin nümayəndə heyəti İmam Rzanın (ə.s) mövludu günü münasibətilə Həzrətin məqbərəsinə qızılla örtülmüş tac hədiyyə edib. Bu barədə iyunun 14-də Shiawaves xəbər paylaşıb.

Hacı Hatəm əl-Əmirin başçılıq etdiyi nümayəndə heyəti əl işi və yüksək standartlı qızıldan (24 karat) hazırlanmış tacı ziyarətgaha təhvil verib. Sözügedən hədiyyə öz növünün doqquzuncu tacıdır.

Bu növün ilk tacı Əmirəl-möminin Əlinin (ə.s) hərəminə, ikinci tac isə İmam Hüseyn (ə.s) ziyarətgahına verilib. Üçüncü tac Əbəlfəzl Abbas (ə.s) ziyarətgahına, dördüncü isə İmam Sahib əz-Zamanın (ə.f) anası Xanım Nərcisin (s.ə) məzarı üzərinə qoyulub. Beşinci tac İmam Hüseynin (ə.s) qızı Xanım Xölə (s.ə) məqbərəsinə təqdim edilib. Altıncı tac Xanım Zeynəbi Kubranın (s.ə), yeddinci tac isə Xanım Rüqəyyənin (s.ə) qəbirlərinə qoyulub. Səkkizinci tac İmam Nəqiyə (ə.s) hədiyyə olunub.

Qeyd edək ki, tarixi mənbələrdə Xanım Xölənin (s.ə) haqqında məlumatlar yoxdur. Lakin müasir mənbələrdə onun adı çəkilir və bu haqda bəzi ixtilaflar mövcuddur.