Bu gün, iyunun 15-də Hacı Taleh Bağırzadənin keçirdiyi aclıq aksiyasının 12-ci günüdür. Onun vəziyyətinin pis olmasına baxmayaraq, din xadiminin aksiyanı keçirməkdə qətiyyətli olduğu bildirilib. Bu barədə maide.az xəbər verib.

Məlumata görə, dünən Qobustan həbsxanasında Taleh Bağırzadə ilə vəkil Fəxrəddin Mehdiyev görüşüb. Vəkilin sözlərinə görə, aclıq səbəbindən Hacı Taleh artıq bir neçə gündür ki, yüksək hərarətdən əziyyət çəkir.

O, Allahın təhqir olunması hallarına hüquqi qiymət verilməyənə qədər sözügedən aksiyanı davam edəcəyini bildirib. Bundan əlavə, aksiyaya digər məhbuslar da qatılıblar. Bunlar Abbas Hüseyn, Firuddin Zeynalov, Cabbar Cabbarov, Seyfəddin Şirvanov, Cahad Babakişizadə, Elşad İbrahimov və Razi Hümbətovdur.

İyunun 3-dən Müsəlman Birliyi Hərəkatının sədri Hacı Taleh Bağırzadə aclıq aksiyasına başlayıb. Buna səbəb olaraq polis əməkdaşlarının Allahı təhqir etməsi göstərilib.

Taleh Bağırzadə 25 yanvar 2017-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətində həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkməlidir. 2015-ci ilin noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı Hacı Taleh və bir sıra inanclı şəxslər həbs olunublar.