Azərbaycanın tanınmış alimlərindən biri Mirzə Mehdi Nehrəmi XIX əsrin sonlarında Naxçıvan şəhərində anadan olub.
O, İslam elmini öyrənmək məqsədi ilə Nəcəf şəhərinə yollanır. Yüksək səviyyədə dini təhsil aldıqdan sonra, alim Naxçıvana qayıdır. Orada Mirzə Mehdi Nehrəmi İslam dinini təbliğ edir.
1903-1917-ci illərdə ermənilər bir neçə dəfə Naxçıvana hücum ediblər. Bu hücumların birində, Nehrəm kəndində olan Mirzə Mehdi minbərə çıxaraq, cihad hökmü verir. Bundan sonra silahlanaraq kəndin əhalisi ilə birgə ermənilərə qarşı vuruşur. Nəticədə ermənilər Naxçıvanı tərk edirlər.
Sovet hakimiyyəti alimi dindən uzaqlaşmağı məcbur edərək, ona yalnız ərəb və fars dilini tədris etməyi icazə verirlər. Mirzə Mehdi Nehrəmi isə buna belə cavab verir: “Dərs vermək müqəddəs bir vəzifədir. Amma sizin bu təklifiniz mənim dinimi əlimnən almaqla başa gələ bilər. Bu da İslam aləmində qəbul olası iş deyil. Mən ölərəm, amma dini təbliğdən, şəri təklifdən əl götürmərəm!”.
Mirzə Mehdi Nehrəmi Naxçıvani ölümündən bir neçə gün əvvəl son sözünü demək üçün əhalini məscidə çağırır. İbadətgahda o, əhalini sovet hakimiyyətinin əmrinə baxmayaraq, öz dinini qorumağa çağır.
Bir gün Naxçıvani vəsiyyət edir ki, onu İmamzadə Seyyidəli qəbiristanlığında dəfn etsinlər. Növbəti gün sonra Mirzə Mehdi Nehrəmi böyük bir qazanı su ilə doldurub ocağın üstünə qaynamağa qoyur. Ondan soruşurlar ki “Hacı ağa bu nə üçündür?”, Mirzə isə cavabında deyir: “Bədənimi bu su ilə qüsl verərsiz!”. O, ailəsinin qarşısında qibləyə tərəf uzanır və şahadətini deyəndən sonra vəfat edir. Alim 1932-ci ildə Naxçıvanın Nehrəm kəndində dünyasını dəyişir və İmamzadə Seyyidəli qəbiristanlığında dəfn olunur.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.