Bu gün, iyunun 13-də Həcc ziyarəti ilə bağlı yenilik açıqlanıb. Belə ki, zəvvarlar üçün yeni mobil tətbiq hazırlanıb. Bu barədə AZƏRTAC xəbər verib.

Məlumata görə, “ağıllı zəvvar” adlı mobil tətbiq Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin tapşırığı əsasında hazırlanıb. Proqram vasitəsilə zəvvarlar qrup rəhbərləri ilə əlaqə yarada və hər hansı bir qayda pozuntusu haqda məlumat verə biləcəklər. Həmçinin “ağıllı zəvvar”da ziyarətçilərin şikayətlərini də qeyd etmək mümkün olacaq.

Bundan əlavə, bu il Həcc zəvvarları üçün smart kart xidmətləri də istifadəyə veriləcək. Nazirlik rəsmisinin sözlərinə görə, bu texnologiya ilk dəfə olaraq bu mövsümdə tətbiq olunacaq. O, həmçinin qeyd edib ki, sözügedən texnologiyalar vasitəsilə zəvvarlardan daxil olan şikayətlərə dərhal baxılacaq. Belə ki, bunun üçün nazirlik tərəfindən xüsusi bölmə yaradılıb.

Tətbiq haqqında ətraflı məlumat, onu haradan yükləmək, qeydiyyatdan keçmə qaydaları qrup rəhbərləri tərəfindən veriləcək.

Qeyd edək ki, bu il Azərbaycandan Həccə 680 nəfər səfər edəcək. Azərbaycanlı zəvvarların ziyarətə ilk səfəri iyunun 29-na planlaşdırılır.