Gənc müsəlman Məhəmməd Fəuzan İndoneziyadan velosipedlə Məkkəyə gedib. Bu barədə Saudigazette iyunun 12-də məlumat paylaşıb.

Məkkəyə çatan Məhəmməd ilk növbədə kiçik Həcc ziyarətini yerinə yetirib.

“Hamı mənə bunun qeyri-mümkün olduğunu söyləyirdi, lakin mən Allahın bunu mənim üçün mümkün etdiyini nümayiş etdirə bildim”, – deyə Fəuzan vurğulayıb.

İndoneziyalı gənc Həcc ziyarətindən sonra velosipedlə səyahətini davam etdirməyi və Məscidül-Əqsanı ziyarət etmək üçün Fələstinə getməyi planlaşdırdığını qeyd edib.

Məhəmməd Fəuzan doğma şəhəri Magelanqı 2021-ci il noyabrın 4-də tərk edib. O, 7 aydan çox müddətə uzunluğu 5 000 kilometr təşkil edən yolu qət edib və nəhayət, iyunun 12-si təyinat nöqtəsinə çatıb.

Bu il ümumilikdə 100 mindən çox indoneziyalı Həcc ziyarətini yerinə yetirəcək.