Bu gün, zilqədə ayının 11-də (11 iyun) Əhli Beytin (ə.s) 8-ci İmamı Həzrət Rzanın (ə.s) mövludunun ildönümüdür.

İmam Rza (ə.s) hicrətin 148-ci ilində (775-ci il) İmam Museyi-Kazim (ə.s) və Tuktəm (Nəcmə) xanımın evində dünyaya göz açıb. Həzrətin adı Əli, ləqəbi Rza, künyəsi isə Əbülhəsəndir. O, 35 yaşında ikən, atasının şəhadətindən sonra möminlərə İmamlıq etməyə başlayır.

Həzrət (ə.s) atasından sonra öz İmamətini açıq-aydın bəyan edir. Onun ətrafında olan səhabələr isə bundan narahat olur, xəlifə Harun ər-Rəşidin onu qətlə yetirə biləcəyindən qorxurdular. Lakin İmam xəlifənin ona heç bir zərər yetirə bilməyəcəyini söyləmişdi. Elə də oldu. Harun İranın şərqində baş verən üsyanı yatırmaq üçün qoşunla birgə oraya yola düşür. Nəticədə o, Tus şəhərində xəstəlikdən ölür.

Harundan sonra xilafət başına keçən Məmum ibn Harun İmama (ə.s) öz vəliəhdi olmağı təklif edir. Lakin Həzrət bu təklifdən imtina edir. Belə ki, bununla o, Məmunun hakimiyyətini daha da möhkəmləndirmiş olardı. Bundan narahat olan xəlifə İmamın qiyamından qorxurdu.

Xəlifənin İmamdan qorxmasının əsas səbəblərindən biri də İmamın elmi bəhslərdə qalib gəlməyi idi. Belə ki, xalq Məmundan çox İmam Rzanı (ə.s) xilafətə layiq görürdü. Bir gün xəlifə məsihi və yəhudi alimlərini bir araya toplayıb İmamı onlarla bəhsə dəvət etmişdi. Onun əsas niyyəti Həzrətin onlar qarşısında məğlub olması idi. Lakin İmam Rza (ə.s) İslamın haqq din olduğunu məsihi və yəhudi mənbələri ilə onlara isbat etdi. Onlar da Həzrətin ən elmli müsəlman olmasının şahidi oldular. Bununla da, Məmun məğlub olduğunu anlayaraq İmamı qətlə yetirməyi yeganə çıxış yolu kimi görüb. Nəticədə hicrətin 203-cü ilində Məmun Həzrəti zəhərləyərək şəhid edib. İmamın cənazəsi İranın Məşhəd şəhərində dəfn edilib.