Dövrünün alim və fəqihi Ayətullah əl-Üzma Şeyx Əbül Qasim 1858-ci ildə Ordubadda anadan olub.
Əbül Qasim Ordubadi 1870-ci ildə Təbrizə gedib və burada dini ibtidai təhsilini alıb. Sonra o, təhsilini davam etdirmək üçün İraqa gedib, Nəcəf hövzəsinə daxil olub. Ordubadi fiqh, üsuli-fiqh, hədis, rical və s. elmləri mənimsəmək üçün öz dövrünün məşhur alimlərindən sayılan Fazil İrəvani, Fazil Ərdəkani, Şeyx Məhəmməd Hüseyn Kazimi və Molla Əli Nəhavəndidən dərs alır.
1891-ci ildə o, şəri vəzifəsini yerinə yetirmək üçün Təbrizə qayıdır. Çox keçmir ki, ondan dərs almaq üçün çoxlu tələbə yığışır və alim dərs deməyə başlayır. Əbül Qasim Ordubadi 1900-cu ilə qədər Təbrizdə qalır, lakin iki dəfə Nəcəfə qayıdıb öz elmini artırır. O, Azərbaycan və Qafqazda mərceyi-təqlidlərdən biri sayılırdı. Bu yerlərin əhalisinin bir hissəsi Fazil Şərabiyaninin və Ayətullah Mamaqaninin vəfatından sonra ona təqlid edirdi.
Alimin fiqh, üsuli-fiqh, təfsir, rical, əqaid, sərf-nəhv və başqa elm sahələrini əhatə edən “Minhəcur-Rida”, “Əş-Şühübüs-saqibə”,“Əs-səhamün-Nafizə” kimi 20-dən artıq kitabı var.
Ayətullah əl-Üzma Şeyx Əbül Qasim Ordubadi 1915-ci ildə Məşhədə, İmam Rzanın (ə.s) məzarını ziyarət etməyə gedərkən Həmədan şəhərində vəfat edib. Oğlu – məşhur din alimi Mirzə Məhəmməd Əli Şərəvi Ordubadi bir neçə ildən sonra onun cəsədini Nəcəfə apararaq, Həzrət Əlinin (ə.s) məzarı ətrafındakı hücrələrdən birində dəfn edir.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.