İyunun 9-da Ağcabədi və Gədəbəydə din xadimləri və din xadimi olmaq istəyən namizədlərlə görüşlər baş tutub. Bu haqda iyunun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat verib.

Din xadimləri və ruhani olmaq istəyən Ağcabədinin Pərioğullar və Avşar kənd sakinləri ilə Komitənin şöbə müdiri Əlizadə Nəcəfov görüşüb.

Digər görüş isə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev və Gədəbəy rayon İcra Hakimiyyətinin nümayəndəsi Qədir Bağırovun iştirakı ilə Gədəbəydə baş tutub. Orada, həmçinin polis əməkdaşı və ilahiyyatçılar iştirak ediblər.

Görüşlər zamanı ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası, tutduğu vəzifədən azad edilməsi və müsahibənin keçirilməsi qaydaları müzakirə olunub. Həmçinin namizədlərə zəruri sənədlərlə bağlı köməklik göstərilib.

Qeyd edək ki, mayın 24-də Azərbaycanda məscidlərə din xadimlərinin təyin olunması üçün müsahibələrə və sənəd qəbuluna başlanılıb. İyunun 24-dən sonra isə Dövlət Komitəsi müsahibənin keçirilməsi vaxtı və yeri haqqında məlumatı öz saytında yerləşdirəcək.