Türbə Bakıda, İçərişəhərdə, Şirvanşahlar sarayının həyətinin cənub hissəsində yerləşir. Seyid Yəhya 1403-cü ildə Azərbaycanın Şamaxı şəhərində doğulub. Onun tam adı Seyid Cəmaləddin Yəhya ibn Seyid Bəhaəddin Şamaxi Bakuvidir. Şeyx ömrünün qırx ildən çoxunu Bakıda keçirib.

Xalq arasında bura “Dərviş türbəsi” adı ilə də tanınır. Bu adın iki izahı var. Kamil Fərhadoğlunun “İçərişəhər” kitabına əsasən, Bakuvi sufizm (İslamda mənəviyyatın inkişaf yollarını göstərən təlim)  ilə məşğul olmuş və bu təlimin davamçısı olaraq “dərviş” adını daşımışdır. Məşədixanım Nemətin “Azərbaycan pirləri” kitabına əsasən isə, bu türbənin Seyid Yəhya Bakuviyə heç bir aidiyyatı yoxdur, və burada Seyiddən əvvəl yaşamış bir dərviş dəfn olunmuşdur.

Türbə səkkiz bucaqlı formada inşa edilib. Tikilinin hündürlüyü 7,5 metrdir. Türbə yeraltı və yerüstü hissədən ibarətdir. Buranın divarları tünd və açıq daşlardan hörülüb. Türbənin daşdan yonulmuş şəbəkələrlə üç pəncərəsi vardır.

Seyid Yahya Bakuvi türbəsi dünya əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Kamil Fərhadoğlu. İçərişəhər. Bakı-2006.
  2. Məşədixanım Nemət. Azərbaycan pirləri. Bakı-2010.
  3. www.mct.gov.az