Bu gün, iyunun 9-da Hindistanın Azərbaycandakı səfiri Bavitlung Vanlalvavna Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Report xəbər verib.
Səfirə İslam dininə və Məhəmməd Peyğəmbərə (s) qarşı təhqirlərin qəbuledilməz olduğu deyilib. Belə ki, Hindistanın hakim partiyasının rəsmilərinin səsləndirdiyi islamofob mövqe bütün dünya müsəlmanlarının hissiyyatına toxunub.
Vanlalvavnaya sözügedən məsələnin müxtəlif dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına xələl gətirdiyi bildirilib. Bununla belə, Peyğəmbəri (s) təhqir edən şəxslərin barəsində Hindistan hökuməti tərəfindən sərt tədbirlərin görülməsi gözlənildiyi qeyd edilib.
Bundan öncə, Hindistanın Bharatiya Janata Partiyasının (BJP) sözçüsü Nupur Sharma Twitter hesabında Məhəmməd Peyğəmbəri (s) təhqir edən paylaşım edib. Sözügedən məsələ dünya müsəlmanları tərəfindən neqativ qarşılanıb. Buna baxmayaraq, Hindistan hakimiyyəti baş verənlərə görə rəsmi üzr istəməkdən imtina edib.