Yay mövsümünün gəlişi ilə Azərbaycanda çoxlu sayda insan çimərliklərə üz tutur. İslam şəriətinə görə, qadın naməhrəm kişinin yanında nəinki yarıçılpaq, hətta hicabsız ola bilməz. Lakin Azərbaycanda qadınlar üçün ayrıca çimərlik yoxdur. Bununla da, ökəmizdə hicablı xanımlar çimərlikdən məhrum olurlar.
Məsələ ilə bağlı Sirat.az bir sıra çimərliklərlə əlaqə saxlayıb. “Amburan”, “Crescent Beach”, “Ramada”, “AF Hotel”, “Sea Breeze” və bir sıra digər ödənişli çimərliklərdə xanımlar üçün ayrılmış sahil yoxdur.
Bir tək “Dalga Beach”-də xüsusi olaraq qadınlar üçün nəzərdə tutulmuş ərazidə hovuz fəaliyyət göstərir. Bizə verilən məlumata görə, həmin ərazidə çalışan xidmətçi personal da məhz qadınlardan ibarətdir. Bundan əlavə, hovuz ətrafında videoçəkiliş də aparılmır.
Ödənişsiz çimərliklərə gəlincə isə Abşeron yarımadasında belə bir şəraitin olması haqda məlumat yoxdur. Lakin Lənkəranda illərdir ki, belə bir sahil mövcuddur. Oraya kişilərin daxil olması rəsmi olaraq qadağan olunmasa da, yeri əhali bu qaydaya riayət edir.
Türkiyə, İran, Dubay, Dağıstan və bir sıra digər müsəlman ölkələrində bu məsələ çoxdan öz həllini tapıb. Belə ki, orada qadınların ayrıca istirahət edə biləcəyi çimərliklər var. Lakin Azərbaycanda buna hələ də diqqət ayıran yoxdur. Hətta bəzən hicablı xanımların baş örtüyü ilə ümumi çimərlikdə dənizə girdiklərini müşahidə etmək olar.
Din xadimi Hacı Şahin Həsənli bu barədə öz fikrini söyləyib: “Şübhəsiz ki, turizm inkişaf etdikcə, bu məsələlərdə təkmilləşmə aparılacaq. Lazım gələrsə, tələbat olarsa, belə çimərliklər gələcəkdə yaradıla bilər. İndiki halda hicablı qadınların ümumi çimərlikdə çimməyini məqbul saymıram”.
Son zamanlar ölkəyə gələn turistlərin məhz ərəblərin olduğunu görmək olar. Lakin onların Azərbaycana ən çox gəldiyi vaxt qış fəslinə təsadüf edir. Belə ki, ölkəmizdə qış mövsümünə uyğun çoxlu sayda istirahət məkanları var. Amma yay gəlincə həmin turistlər öz ölkələrini tərcih edirlər.