Dövrünün İslam alimi Ayətullah Hacı Şeyx Müctəba Hatəmi Lənkərani 1898-ci ildə Nəcəf şəhərində anadan olub.
O, İslam dinini atasından öyrənir. Orta dini təhsilini isə alimlər Ayətullah Hacı Əbdül Mehdi Kəlbasi və Ayətullah Mirzə Əli İrəvanidən alıb. Daha sonra o, fəlsəfə və hikmət elmlərini filosof və fəqih Ayətullah Şeyx Əbdül Kərim Zəncanidən öyrənir. Təhsilini davam etdirmək üçün Ayətullah Şeyx Məhəmməd Hüseyn Kompani İsfahani, Ayətullah Ziyaəddin Əraqi, Ayətullah Mirzə Hüseyn Naini, Ayətullah Seyyid Əbül Həsən İsfahani və Ayətullah Seyyid Möhsün Həkim kimi tanınmış alimlərdən dərs alır. Bundan əlavə, Şeyx Müctəba “Dirayə” və “Riçal elmi”-ni Ayətullah Seyyid Əbu Turab Xorasanidən, kəlam və əqaid elmlərini isə Ayətullah Şeyx Cavad Bəlaqidən öyrənir. Bundan sonra o, müəllim kimi işləməyə başlayır.
XX əsrdə Nəcəfdə “Rəsail”, “Məkasib” və “Kifayə” kimi dərsləri yalnız iki nəfər tərəfindən məharətlə tədris edilirdi. O iki nəfərdən biri də məhz Hacı Şeyx Müctəba idi.
Hacı Şeyx Müctəba Hatəmi Lənkərani 1971-ci ildə İraq hökumətinin alimlərə qarşı olan siyasətinə görə, alim İsfahan şəhərinə köçür.
Ayətullah Hacı Şeyx Müctəba Hatəmi Lənkərani Qum şəhərində Həzrəti Məsumə (s.ə) pak hərəmində dəfn edilib.
Mənbə:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.