Sabiq nəqliyyat naziri Ziya Məmmədovun Həccə getməsi haqda məlumat ailəsi tərəfindən təkzib olunub. Bu barədə iyunun 8-də Qafqazinfo.az xəbər verib.

Keçmiş məmurun ailəsi bildirib ki, Ziya Məmmədovun artıq 70 yaşı var və onun Həccə getməsi təyin olunan səfər qaydalarına ziddir. “Bu səbəbdən də Ziya Məmmədovun bu il Səudiyyə Ərəbistanına gedərək ziyarətdə iştirak edəcəyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”, – deyə Məmmədovun ailə üzvü qeyd edib.

Mayın 27-də Ziya Məmmədovun bu il Həccə gedəcəyi barədə xəbər yayılmışdır. Hətta sabiq nazirin səfər üçün 9150 manat pul ödəməsi haqda məlumat da qeyd edilmişdir.

Qeyd edək ki, bu il Səudiyyə Ərəbistanı Həcc ziyarətinə yalnız yaşı 65-dən aşağı olan zəvvarları qəbul edir. Lakin Ümrə üçün yaş həddi təyin olunmayıb.