Gürcüstanda səfərdə olan Azərbaycan din xadimləri Tbilisidəki Cümə məscidində olublar. Bu barədə 24news.ge xəbər verib.
Ziyarətçilərə məscidin tarixi, burada saxlanılan nadir tarixi minbər və XVIII əsrə aid edilən cəmi 5 nüsxədən ibarət olan nadır Quran əlyazması haqda məlumat verilib.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun və digər dövlət qurumlarının nümayəndələri Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidovla görüş keçiriblər. Hacı Ramin qonaqlara Gürcüstandakı müsəlmanların vəziyyəti, idarənin son illərdə gördüyü işlər və gələcək planları haqda məlumat verib.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Tbilisidə Alulbeyt mərkəzində və Tbilisi Ruhani Akademiyasında da olublar. Azərbaycanın din xadimlərini, həmçinin Dini məsələlər üzrə Dövlət Agentliyinin əməkdaşları qəbul edib. Görüşdə iki ölkənin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında əlaqələrin gücləndirilməsi, eyni zamanda Azərbaycanın və Gürcüstanın dini təhsil ocaqları arasında memorandumların imzalanması məsələsi də nəzərdən keçirilib.