Dövrünün mütəfəkkiri, fəqih və alimi Mövla Məhəmməd oğlu Həsən XVII əsrdə Şirvan mahalında anadan olub. Alimlər arasında o, Mirzə Şirvani və ya Müdəqqiq Şirvani ləqəbi ilə tanınıb.

Həsən Şirvani İslam dinini Şirvan şəhərində öyrənib. O, elmi dərəcəsini artırmaq üçün İsfahan şəhərinə köçür. Şirvani məşhur alim və fəqih Ağa Hüseyn Xorasanidən dərs alıb. Daha sonra isə, alim Nəcəf şəhərinə yollanıb. Bu şəhərin alimlərinin köməyi ilə yüksək elmi məqama çatıb. Həsən Şirvani Nəcəfdə olarkən buradakı ruhani tələbələrə dərs deyib.

Alimin şan-şöhrəti Səfəvi şahı Süleymana çatır. Şah isə ona olan məktubda alimin İsfahanda yaşamasını xahiş edir. Şirvani bu dəvəti qəbul edərək, İsfahana köçür. Alim bu şəhərdə olarkən çoxlu sayda əsərlər yazır və tədqiqatlar aparır. Şirvani İsfahanda yaşayan müddətdə bir çox tələbəsi olub: Mirzə Əbdullah Əfəndi İsfahani, Seyyid Məhəmməd Saleh Xatun Abadi İsfahani, Şeyx Həsən Bəlaği, Mövla Məhəmməd İsfahani, Seyyid Sədrəddin Rəzəvi.

Müdərris Xiyabani Müdəqqiq Şirvanini bu cür xatırlayır: “O, Səfəviyyə dövlətinin və şiə aləminin görkəmli alimlərindən biri idi…”.

Şirvaninin əsərləri sırasında bunları qeyd etmək olar: “İsbatul ismətuil-əimmə”, “İsbatun nubuvvəti vəl-imamət”, “İsbatul-Vacibi təala”, “Əl-ictihadu vəl-əxbar”, “Əl-İmamət”, “Üsulid-din”, “Ət-Tovhidu vən-Nubuvvətu vəl-İmamət”, “Haşiyətun əla “Şərhul İşarati Xaçə Nəsrəddin Tusi””, “Haşiyətun əla Şərhit-Təcrid Quşçi”, “Haşiyətun əlaş-Şifa ibni Sina”, “Əl-Cəbru vəl-İxtiyar”.

Mövla Məhəmməd oğlu Həsən Şirvani 1688-ci ildə İsfahan şəhərində vəfat edib və Məşhəd şəhərindəki Mirzə Cəfər mədrəsəsinin həyətində dəfn olunur.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.