Azərbaycanın İlahiyyat İnstitutu Gürcüstanın ali dini təhsil ocaqları ilə əməkdaşlıq edəcək. Bunu İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun sözlərinə istinadən iyunun 6-sı Report xəbər verib.
“İnstitutumuz dünyanın bir çox ölkələrində fəaliyyət göstərən ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, özündə elmi müstəvidə əməkdaşlığı, birgə seminar, konfrans, simpoziumların keçirilməsini ehtiva edən bir sıra müqavilələrimiz var. Əməkdaşlıq haqqında bu cür sənədin gələcəkdə Gürcüstanla da imzalanması barədə düşünürük“, – deyə rektor bildirib.
Hazırda Aqil Şirinov Gürcüstanda səfərdədir. Səfər çərçivəsində Aqil Şirinovun iştirakı ilə Gürcüstanın Ruhani Akademiyasında görüş keçiriləcəyi gözlənilir.