Bu gün, iyunun 7-də Daxili İşlər Nazirliyi dinin təhqir olunması iddialarına öz münasibətini bildirib. Bu barədə Report xəbər verib.

DİN-nin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov sosial şəbəkələrdə Azərbaycan polisinin dini təhqir etməsi iddialarının irəli sürüldüyünü deyib. Lakin onun sözlərinə görə, baş verənlər polisə atılan böhtandır. O, belə cəhdləri uğursuz adlandırıb.

DİN rəsmisi, həmçinin hesab edir ki, bu iftiraları atan şəxslər dindən öz çirkin niyyətləri üçün alət kimi istifadə edirlər.

“Polis əməkdaşları əvvəllər də oxşar şər-böhtan kampaniyalarına tuş gəliblər. Lakin qəsdən uydurularaq yayılan belə ittihamlara məhəl qoymadan polis həmişə vətəninin və xalqının qarşısında öz xidməti vəzifələrini sədaqətlə davam etdirib”, – deyə DİN rəsmisi qeyd edib.

Son günlər sosial şəbəkələrdə yayılan məlumata əsasən, hazırda həbsdə olan Müsəlman Birliyi Hərəkatının sədri Hacı Taleh Bağırzadə aclıq aksiyası elan edib. Buna səbəb kimi həbsxana polislərinin Allahı və İslam dinini təhqir etməsi göstərilib. Həmçinin Hacı Talehdən başqa, həbsdə olan hərəkatın digər üzvləri də aksiyaya qoşulublar.