Hindistanın Bharatiya Janata Partiyasının (BJP) sözçüsü Nupur Sharma Twitter hesabında Məhəmməd Peyğəmbəri (s) təhqir edən paylaşım edib. Bu paylaşım Hindistanın bir sıra müsəlman ölkələrindəki səfirlərinə etiraz notası verilməsi ilə nəticələnib. Bu barədə Aljazeera xəbər verib.

Pakistanın Xarici İşlər Nazirliyi: “Bu tamamilə qəbuledilməz ifadələr təkcə Pakistan xalqının deyil, bütün dünyada milyardlarla müsəlmanın əhval-ruhiyyəsini dərindən zədələyib”.

Qətərin Xarici İşlər Nazirliyi: “Qətər Dövləti Hindistan hökumətini bu sözləri dərhal pisləməyə və bütün dünya müsəlmanlarından açıq şəkildə üzr istəməyə çağırır”.

İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Məhəmməd Peyğəmbərə (s) ünvanlanan təhqirləri kəskin şəkildə pisləyib.

İyunun 5-i Nupur Sharma, son televiziya debatında Peyğəmbər (s) haqqında etdiyi şərhləri, o cümlədən şəxsi hesabında edilən paylaşımlara görə partiyanın üzvlüyündən kənarlaşdırılıb.

“Bharatiya Janata Partiyası, eyni zamanda, hər hansı bir məzhəbi və ya dini təhqir edən və ya alçatan hər hansı ideologiyaya qəti şəkildə qarşıdır”, – partiyadan bildiriblər.

Mübahisə ərəb ölkələrində sosial media istifadəçilərinin qəzəbinə səbəb olub, onlar Hindistan məhsullarını boykot etməyə çağırıblar. Sosial media istifadəçiləri İslama və müsəlmanlara qarşı nifrətin artmasını pisləyib və Hindistanı İslamofobiyanı təbliğ etməkdə Fransa və Çinin yolu ilə getməkdə ittiham ediblər.

Qeyd edək ki, Nupur Şarma öz paylaşımını silib. Şarma mübahisəyə cavab verərək bildirib ki, onun kimsənin dini hisslərini incitmək niyyəti yox idi. Sonrakı tvitində Şarma, ailəsinə qarşı təhlükəsizlik təhdidinin edildiyini söylədi.