Taliban Əfqanıstanın Qəznidəki iki şiə din xadiminin – Ayətullah Məhəmməd İshaq Fəyyaz və Ayətullah Mohaqiq Kabulinin ofislərini bağlayıb. Bu barədə iyunun 6-sı afintl.com xəbər verib.

Məlumata görə, son günlər Taliban iki müctəhidin ofislərinə dəfələrlə baxış keçirib. Taliban bildirib ki, ofislərin bağlanmasına səbəb fəaliyyət göstərmək üçün lisenziyanın olmamasıdır.

Qeyd edək ki, Ayətullah Məhəmməd İshaq Fəyyaz və Ayətullah Mohaqiq Kabulinin qərargahı İraqın Nəcəf şəhərində yerləşir. Əfqanıstanın şiələrin yaşadığı əyalətlərində isə regional ofisləri var.

Bu yaxınlarda Talibanın sözçüsü Əfqanıstanda dini etiqad azadlığının ciddi şəkildə pozulması ilə bağlı Dövlət Departamentinin hesabatına cavab olaraq “Əfqanıstanda dini azlıqların bütün hüquqlarının qorunduğunu” bildirib.

Ofislərin əsas fəaliyyəti dini sualları cavablandırmaq, ailə münaqişələrini həll etmək, xeyriyyə ianələrini toplayıb, ehtiyacı olanlara köməklik göstərməkdən ibarətdir. Ofislərdə, həmçinin nikah və boşanma büroları fəaliyyət göstərir.