“Din xadimi vəzifəsinə müsahibə və attestasiyada iştirak etmək üçün sənədlər, xüsusilə də diplomlar ciddi şəkildə yoxlanılacaq”. Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.

İslamazeri xəbər verib ki, Azərbaycanda vəziyyətdən istifadə edərək bəzi şəxslər təhsili olmayan din xadimlərinə saxta diplomlar təqdim etməyə çalışıblar. Təqdim olunan sənədlər vaxtı ilə Azərbaycanda fəaliyyət göstərmiş mədrəsələrin diplomlarıdır. DQİDK-nın şöbə müdiri Cahandar Əlifzadənin sözlərinə görə, artıq bəzi din xadimləri bu tələyə düşüblər. Bu səbəbdən komitə nümayəndəsi din xadimlərini, həmçinin din xadimi olmaq istəyənləri diqqətli olmağa, belə şəxslərin qurbanına çevirilməməyə çağırıb.

Qeyd edək ki, fevralın 25-i Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsinin 3-cü hissəsinə dəyişikliklər edilib. Martın 11-i İslama aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri sırasına daxil edilib. Aprelin 22-si İbadətgahlara din xadimlərinin təyin olunması, attestasiya və müsahibə proqramı hazırlanıb, onların tutduğu vəzifədən azad edilməsi üzrə qaydalar təsdiq olunub. Müsahibə proqramı dini tədris proqramlarına əsaslanılıb. Müsahibə və attestasiya komissiyalarının tərkibi müəyyənləşdirilib. Belə ki, Müsahibə Komissiyasının üzvləri 7 nəfərdən, Attestasiya Komissiyasının üzvləri 9 nəfərdən ibarətdir. Mayın 24-ü isə din xadimlərinin ibadətgahlara təyin olunması üçün müsahibələrə və sənəd qəbuluna başlanılıb.