Azərbaycanda bir sıra din xadimləri təhsil aldıqları ilə bağlı saxta sənəd əldə etməyə çalışıblar. Bu barədə iyunun 2-də Report xəbər verib.
Məlumata görə, bəzi şəxslər təhsili olmayan din xadimlərinə saxta diplomlar təqdim etməyə çalışıblar. Təqdim olunan həmin sənədlər vaxtı ilə Azərbaycanda fəaliyyət göstərmiş mədrəsələrin diplomlarıdır. Həmin şəxslər sənəddə keçmiş tarixi qeyd etməklə dələduzluq etməyə cəhd ediblər.
DQİDK-nın şöbə müdiri Cahandar Əlifzadənin sözlərinə görə, artıq din xadimlərindən bir neçəsi bu tələyə düşüb. Lakin vaxtı ilə onların Dövlət Komitəsinə təqdim etdikləri sənədlərdə hər hansı bir dini təhsilin olması barədə məlumat qeyd olunmamışdır.
Bu cür halların təkrarlanmaması üçün DQİDK din xadimi olmaq istəyənləri belə şəxslərin qurbanına çevrilməmək üçün ehtiyatlı olmağa çağırıb.
Bundan öncə, mayın 24-də DQİDK təhsilsiz din xadimləri ilə bağlı yeni qərar qəbul edib. Qanuna əsasən, diplomu olmayan və attestasiyadan keçməyən din xadimləri vəzifədən kənarlaşdırılacaqlar.