Artıq iki aydan çoxdur ki, Azərbaycanda ibadət evlərində ianələrin elektron qaydada toplanılması haqda qanun qəbul edilib. Lakin yeni qanunun icrası üçün gərəkli platforma hələ ki yaradılmayıb. Məsələ ilə bağlı iyunun 2-də ölkənin bir sıra din xadimləri Sputnik Azərbaycana müsahibə veriblər.

Təzə Pir məscidinin din xadimlərinin sözlərinə görə, qanun layihəsi qəbul olunandan bu günədək ianələrin toplanmasında dəyişiklik baş verməyib. Məscidlərdə hələ də nəzir qutuları fəaliyyət göstərir.

Bibi Heybət məscid-ziyarətgah kompleksinin imamı Hacı Rahib Babayev də elektron ianələrin qəbul edilmədiyini bildirib. “Bizim məsciddə nəzir qutusu var. Kim istəyirsə, oraya pul atır”, – deyə Hacı Rahib qeyd edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, hətta elektron sistem işə salınandan sonra belə nəzir qutuları yığışdırılmayacaq. Millət vəkili hesab edir ki, ianələrin toplanma prosesinin dövlət strukturu tərəfindən nəzarətə alınması məsələyə şəffaflıq gətirəcək. Belə ki, Türkiyədə mövcud olan bu sistem sayəsində insanlar kiçik məbləğdə belə ianə etdikdə onlara qəbz təqdim olunur. Azərbaycanda isə bu sahədə bir qədər gecikmə var.

Azərbaycanda ianələrin elektron qaydada toplanması haqqında qanun bu ilin fevral ayında qəbul olunub. Yeni qərar “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.