Azərbaycanda məzarlıqlarda qiymətlər günü-gündən artır. İnsanlar belə halların qanunsuz baş verməsi və nəzarətsiz qalması halları ilə üzləşir. Bu barədə iyunun 2-də Bizim.Media xəbər verib.

Qəbiristanlıqlarda cənazənin dəfni üçün dövlət tərəfindən 63 manat rüsum təyin olunub. Lakin yerli bələdiyyə orqanları qanunsuz olaraq vətəndaşlara yüksək qiymətə torpaq satırlar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Yanardağın yaxınlığında yerləşən “Vulkan” qəbiristanlığında bir məzar yeri üçün 500-1000 manat civarında pul tələb olunur.

Bizim.Media-nın verdiyi xəbərə əsasən, “Qurd Qapısı” məzarlığında qiymətlə bağlı yerində razılaşmaq lazımdır. Burada da yerlər bəzən 4-5 min manata satılır. Məlumata görə, yer azlığından köhnə və sahibsiz qəbirlər sökülərək qeyd olunan məbləğə “yeni müştəri”yə təhvil verilir.

Yerlərin azlığı problemini isə sosioloq Elçin Bayramlı böyük ərazini əhatə edən dəbdəbəli qəbirlərdə görür. “Bu cür dəbdəbəli qəbirlər təbiidir ki, daha çox sahə tutur. Az qalır ki, qəbrin üstündə imarət tikdirsinlər. Bu, uzun müddətdir davam edən psixoloji xəstəlikdir. Baş daşlarına 4-5 min manat pul xərclədikdən bir-iki il sonra oraya ayaqlarını belə qoymurlar”, – deyə sosioloq əlavə edib.

Bundan əlavə, bu il Azərbaycanda məzarlara baxım, təmizlik, çiçək əkimi və digər xidmətləri təklif edən şirkət fəaliyyətə başlayıb. Sözügedən xidmətlərin qanuni olub-olmadığı müzakirələrə səbəb olub.