Ayətullah Məkarim Şirazi Papa ilə görüşü haqda Ayətullah Ərafiyə məktub unvanlayıb. Bu barədə News.makarem.ir xəbər verib.
“Mənə məlumat verildi ki, siz Zati-aliləri Papa ilə görüşmək üçün Vatikana gedəcəksiniz, ona görə də bununla bağlı bir neçə məqamı qeyd etməyi lazım bildim:
Əvvəla, mən inanıram ki, siz belə bir səfər və görüş üçün yüksək ixtisaslısınız və ümid edirəm ki, Vatikan rəsmiləri, xüsusən də, bu cür görüşlərə həmişə açıq olan Zati-aliləri Papa da buna xüsusi diqqət yetirəcəklər.
İkincisi, görüşlərinizdə qeyd etmək lazımdır ki, dinlərarası təfriqə və nifaq hər kəsin ziyanınadır. İnsanların dini hisslərini və müqəddəs məkanları təhqir etmək inanclıların arasında qarşılıqlı nifrətə səbəb ola bilər.
Üçüncüsü, dinlərarası ümumi cəhətlərə diqqət yetirmək, o cümlədən əməkdaşlığı təşviq etməyə çalışın, çünki bu, onların böyüklüyünü artırır və təsir dairələrini genişləndirir. Qərb və Şərq siyasətçilərinin xoşuna gəlməsə də, onların maraqlarına zidd olsa da, bu məsələ xüsusilə vacibdir.
Nəhayət, illik iclasların keçirilməsi və dinlərarası əməkdaşlığın gücləndirilməsi üçün mötəbər dinlərin nümayəndələrindən ibarət komitənin yaradılmasını təklif edin. Dinlərin müqəddəsliklərinə və ümumi cəhətlərinə hörmətin hamı üçün məcburi olması və onların pozulmasının cəzalandırılması üçün bu görüşlərin effektiv və sərt beynəlxalq qanunlar şəklində praktiki nəticələri olmalıdır. Bu cür qanunlar həmçinin bütün dinlərin paylaşdığı əsas prinsipləri və dəyərləri pozan cinayətləri qadağan etməli və cəzalandırmalıdır.
Bu səfərin səmərəli olacağına inanıram və Allahdan sizə uğur və əzəmət, İslama, müsəlman xalqlarına və bütün möminlərə izzət diləyirəm.
Vəssalamu aleykum və rəhmətullah
Nasir Məkarim Şirazi
22/5/2022”
Qeyd edək ki, Mayın 30-da İranın İslam hövzələrinin müdiri Ayətullah Əlirza Ərafi Roma Papası ilə görüşüb.