Bu gün, zilqədə ayının 1-i (1 iyun) Həzrət Məsumənin (s.ə) mövlud günüdür. Xanım Məsumə (s.ə) səkkizinci İmam Həzrət Rzanın (ə.s) bacısıdır. Həzrətin ləqəbləri Məsumə, Tahirə, Həmidə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Seyyidə, Uxtur-Rza, adı isə Fatimədir. “Kərimeyi Əhli-beyt” kitabında yazılıb ki, onun ləqəbi ona məsum olduğu üçün verilib.
Xanım (s.ə) hicrətin 173-cü ilində zilqidə ayının 1-də yeddinci İmam Musa ibn Cəfər (ə.s) və Nəcmə Xatunun (bəzi mənbələrdə onun adı Xeyzaran kimi də qeyd olunub) ailəsində dünyaya gəlib. Uşaq yaşlarında Xanım Məsumənin (s.ə) atası Harunun zindanında şəhid edilib. Bundan sonra onun himayəsi ilə İmam Rza (ə.s) məşğul olub.
Hicrətin 200-cü ilində İmam Rza (ə.s) Məmun Abbasinin təkidlərindən sonra Xorasana getmişdir. Bir il sonra Xanım Məsumə (s.ə) İmam Rzanı (ə.s) görmək arzusunda olduğundan onun arxasınca yola düşür. Lakin yolda hökumət məmurlarının himayə etdiyi bir dəstə onlara hücum edir. Karvanın bütün kişiləri şəhid olur. Bəzi mənbələrdə qeyd olunur ki, Həzrət Məsumə (s.ə) zəhərləndi, bəzi mənbələr isə onun qəmdən xəstələndiyini bildirir.
Həzrət bu hadisədən sonra Xorasana getməkdən aciz qalaraq buyurdu: “Məni Qum şəhərinə aparın. Çünki atamdan eşitmişdim ki, (belə) buyururdu: “Qum şəhəri bizim şiələrimizin mərkəzidir””. Xanım 201-ci ilin rəbiul-əvvəl ayının 23-də Qum şəhərinə daxil olur. Xanım Məsumə (s.ə) hicrətin 201-ci ilində rəbius-sani ayının 10-da 28 yaşında ikən vəfat edib.
Xanımın ziyarətinin fəziləti haqqında İmam Cəfər Sadiq (ə.s) belə buyurub: “Allahın bir hərəmi var ki, ora Məkkədir. Rəsulullahın (s) bir hərəmi var ki, ora Mədinədir. Möminlərin Əmirinin (ə.s) bir hərəmi var ki, ora Küfədir və biz Əhli-Beytin bir hərəmi var ki, ora Qumdur”.
İmam Rza (ə.s) Xanım Məsumənin (s.ə) ziyarəti haqqında buyurub: “Kim Onu ziyarət edərsə, məni ziyarət etmiş olar”.