Qobustan rayonunun mərkəzindən bir neçə kilometr aralıda, dağın döşündə yerləşən ikimərtəbəli Diri Baba ziyarətgahında abadlıq işləri gedir. Bu barədə mayın 30-u Bizim Media xəbər verib.

Bildirilir ki, bu abidənin abadlaşdırılmasına Mədəniyyət naziri Anar Kərimov göstəriş verib.

Pirin girişində mühafizə otağı, ziyarətçilərin dincini alması üçün məxsusi otaqlar tikilib. Kompleksin həyətində yemək üçün masalar quraşdırılıb. Pirin ətrafında olan mağaralarda abadlıq işləri aparılıb, pilləkənlər genişləndirilərək təmir olunub.

Pir 1402-ci ildə qayada yonulmuş mağarada inşa edilib. Burada dövrün şeyxlərindən sayılan Diri Baba dəfn olunub. Ziyarətgahın birinci mərtəbəsi iki otaqdan, ikinci mərtəbəsi isə bir böyük zaldan ibarətdir. Bu zalda, dağın arasında bir yer var. Həmin yerdə sərdabə olduğu güman edilir. Vaxtilə Misir prezidenti  Camal Əbdül Nasir Azərbaycanda olarkən türbənin bərpasını sovet hakimiyyətindən xahiş edib.

Diri Baba ziyarətgahı ölkə əhəmiyyətli abidə hesab edilir.