Bu il Həcc ziyarətinə səfər üçün Azərbaycana 680 nəfərlik kvota ayrılıb. Ziyarətə sənəd qəbulu isə vaxtından tez bitib. Belə ki, ayrılan bütün yerlər artıq dolub. Sözügedən 680 nəfərin arasında məşhurların olub-olmaması ilə bağlı mayın 31-də QMİ Modern.az-a məlumat verib.

Verilən xəbərə görə, hazırkı gündə məşhurlardan ziyarət üçün müraciət edən yoxdur. QMİ-nin rəsmisi Vüqar Cahangirinin sözlərinə görə, siyahıda belə şəxslərin olacağı istisna edilmir.

“Artıq pasportlar yığılıb, siyahıya alınma başlayıb. Müraciət edənlərin arasında hələlik məşhur şəxslər yoxdur”, – deyə Cahangiri bildirib.

Lakin Azərbaycan üçün ayrılan 680 nəfərlik kvota artıq tamamlanıb və bundan sonra müraciət edən olmayacaq. Məsələ ilə bağlı mayın 30-da Cahangiri öz açıqlamasında qeyd edib ki, Həccə səfər üçün müraciət etmək artıq gecdir. O, hətta əlavə yerlərin sifariş olunmasının mümkünsüz olduğunu da bildirib.

Bu il Azərbaycandan Həccə səfər qiyməti 9106 AZN müəyyən edilib. Səudiyyə Ərəbistanının tələbinə əsasən, ziyarətə yalnız yaşı 65-dək olan zəvvarlar yollana biləcəklər.

Bundan öncə, mayın 27-də gundem.az Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədovun Həccə səfər edəcəyindən xəbər verib. Məlumatda keçmiş nazirin səfər üçün tələb olunan məbləği ödədiyi də deyilib. Qeyd edək ki, Ziya Məmmədovun 70 yaşı var.