Azərbaycanda onlayn ianələr üçün qaydalar müəyyən edilir. Bu barədə AzeSputnik-ə açıqlamasında deputat Ceyhun Məmmədov bildirib.

Onun fikrincə, Azərbaycanda çoxdan onlayn ianə sistemi inkişaf etməli idi. Hər bir məscid və ya kilsənin bank hesabı var və istəyən şəxs onlayn köçürmə edə bilər. Deputat belə bir prosesin başlanmasının mürəkkəb olmadığını, bu işin vacib hissəsinin nəzarət mexanizminin işlənib hazırlanmalı olduğunu bildirib.

“Türkiyədə istənilən, hətta ən kiçik ianəyə görə qəbz verilir: biri vətəndaşa, digəri dini icmaya. Qeydlər də belə aparılır”,- deyə o əlavə edib.

Məmmədov onlayn ianələri şəffaflıq baxımından da faydalı hesab edir. Gərəksiz şübhələr qalmayacaq, insanlar dini qurumlara daha çox inanmağa başlayacaqlar ki, bu da öz növbəsində ianələrin artmasına səbəb olacaq.

Məscidin nəzir qutuları haqda isə deputat bildirib ki, onları yığışdırmağa ehtiyac görmür. Vətəndaşlar yerindəcə ianə vermək istəsələr, bu xidmətdən də istifadə edə bilərlər.

Yeni qərar “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsində öz əksini tapır. İnsanlar könüllü şəkildə nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə ianələr üçün müraciət edə bilərlər.