Mayın 30-da QMİ Həcc ziyarəti üçün ayrılan yerlərin dolması ilə bağlı açıqlama verib. Bu barədə Modern.az məlumat paylaşıb.
İdarənin xarici əlaqələr şöbəsinin müdiri Vüqar Cahangiri bildirib ki, ziyarət üçün müraciət etmək artıq gecdir. Belə ki, Azərbaycan üçün ayrılan 680 nəfərlik kvota artıq dolub, yeni yerlərin sifarişi isə mümkün deyil.
“Sistem iki gündən sonra bağlanacaq, yerlər dolub və biz bunu artıra bilmərik, çünki otellərin tutulması, qidalanma üçün yeni müqavilələr imzalanmalıdır, bu da indiki halda mümkün deyil”, – deyə Cahangiri qeyd edib.
Mayın 25-dən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Qəbul üçün bir ay müddətində vaxt ayrılmasına baxmayaraq, mayın 30-da proses dayandırılıb. Buna səbəb isə boş yerlərin bitməsidir.