Dövrünün görkəmli fəqihlərindən biri Ayətullah Hacı Mirzə Müctəhid Dərbəndi XVIII əsrin sonlarında Dağıstanda dünyaya gəlib.

O, orta və ali təhsilini Nəcəfdə alıb. Sonra isə Tehrana köçüb və ömrünün sonuna qədər orada yaşayıb. Dövrünün İslam alimlərindən biri Etimadus-Səltənət yazır: “Əsl-nəsəbi Dağıstanlı olan görkəmli alim hazırda Tehranda yaşayır. Təfsir, hədis, fiqh, üsul və ədəbiyyat xüsusunda yüksək məharətə sahibdir. O, “nəhy əz münkər” vəzifəsini hər yerdə olursa-olsun layiqincə yerinə yetirərdi”.

Ayətullah tez-tez müsəlmanlar üçün faydalı çıxışlar edər, əhali hidayət etmək üçün məclislər təşkil edərdi. Onun çıxışları İslam dininin müqəddəs ehkamlarını Əhli Beytin (ə.s) sözləri ilə və onun incəliklərinə qədər araşdırmaq əsasında idi.

Mirzə Abbasquluxan Şəhristani Dərbəndinin haqqında öz kitabında belə yazır: “Görkəmli din xadimi, böyük alim, fazil müctəhid və fəqih Hacı Molla Mirzə Dərbəndi zəmanəsinin dəyərli şəxslərindən biri idi. Əhli Beytə (ə.s) sonsuz məhəbbəti var idi, bir an da olsun, öz vəzifəsində süstlük etməzdi. Əhli Beytdən (ə.s) nəql olunan hədis və rəvayətləri gözəl şəkildə bəyan edərdi”.

Ayətullah uzun illər xaricdə İslam elmlərini öyrənir və sonda Tehrana gəlir. Elmdə və ədəbdə yüksək məqamı var idi. Hədis və rəvayət kitablarınbın çoxuna ərəbcə haşiyə yazmışdır.

Mövla Əli Vaiz Xiyabani Mirzə Əsədullah Müctəhid Dərbəndidən belə nəql edir: “Mərhum Dərbəndi təhsil günlərində, müqəddəs məkanların ziyarətindən qalmazdı. Məşhur alimlərin məclislərinə dəvət olunar və böyük müctrəhidlərin çıxış etdiyi məclislərdən heç vaxt qafil qalmazdı. Alimlər həmişə onu tərifləyərdilər”.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.