“Əməlsiz axirətə ümid bəsləyənlərdən və uzun arzu ilə tövbəni və qayıtmağı dala atanlardan olma. Onun dünya barəsindəki danışığı zahidlərin danışığı, əməli isə (dünyanı) istəyənlərin əməlidir. Dünyadan ona verilsə doymaz, çatmasa qane olmaz. Ona verilmiş şeylərin şükrünə acizdir və çatmayan şeyin daha çoxunu axtarır; (başqalarını nalayiq işlərdən) çəkindirir, özü isə (başqalarını çəkindirdiyi şeydən) əl çəkmir; (başqalarına) özü etmədiyi şeyləri əmr edir. Yaxşı əməl sahiblərini sevir, amma onların əməllərini etmir, günahkarlara nifrət edir, halbuki özü onlardan biridir.
Günahlarının çoxluğu səbəbindən ölümdən xoşu gəlmir, amma eyni zamanda ölümdən xoşu gəlməməsinə səbəb olan şeyə (günahlara) israrlıdır. Xəstələnsə (pis əməllərindən) peşman olar, sağalan kimi isə asudə və qafil qalar. Rahatlıq və əmin-amanlıqda olanda məğrurlaşar, bəlaya düçar olanda isə ümidsizləşərək solar. Qarşısına bəla və çətinlik çıxsa narahatlıqla dua edər və nalə qoparar, rahatlıq və şadlığa düşəndə isə qürür və (dünya malına) aldanma səbəbindən (Allahdan) uzaqlaşar. Barəsində zənni olan şeylərdə (günahların bağışlanmasında, pis işlərə əmr edən) nəfs ona hakimdir, o isə inamı olan şeyə (ölüm və əbədi əzaba) hakim deyil. Başqası üçün özünün günahından kiçik olan günahlara görə qorxur (onun günahını böyük hesab edir) və özü üçün əməlindən artıq savab ümidindədir (öz itaətini böyük sanır).
Var-dövlətə çatanda sevincək olub fitnə və azğınlığa düşər, yoxsullaşanda isə (Allahın rəhmindən) ümidsizləşər və (ibadət və bəndəlikdə) süstlük edər. İtaət və bəndəlik edəndə səhlənkarlıq edər (onları düzgün yerinə yetirməz), istəyəndə (Allahdan hacət diləyəndə) isə israr edər. Ona bir şəhvət və istək (asayiş və rahatlıq) üz tutanda itaətsizlik yolunu tutub tövbəni təxirə salar, amma qəmkədər üz versə dinin (çətinlik zamanı səbrli və dözümlü olmaq və Allaha pənah aparmaq kimi) göstərişlərindən uzaqlaşar. (Camaata) başqalarından ibrət almağı bəyan edir, özü isə ibrət götürmür. Öyüd-nəsihət verməkdə səy edər, özü isə öyüd qəbul edən deyil.
Beləliklə, o, danışdığı ilə öyünər, əməli isə azdır. Fani və məhv olmalı şeydə çalışır, əbədi olan şeydə isə səhlənkarlıq edir. Qənimət və mənfəət (itaət və Allah bəndəliyi) gözünə zərər-ziyan görünər (onları ziyan güman edər), zərər-ziyanı (günah və itaətsizliyi) isə qənimət və mənfəət sanar. Ölümdən qorxur, amma fürsət əldən çıxmamış (saleh əməllər və Allahın xoşu gələn işlərə) tələsmir. Başqasının itaətsizliyindən o günahı böyük hesab edir ki, özünün ondan daha böyük olan günahını kiçik sayır. Həmçinin başqasından az hesab etdiyi itaəti öz bəndəliyi üçün çox bilir.
Beləliklə, o, başqalarına qarşı tələbkar, özünə qarşı isə səhlənkardır. Yoxsullarla Allahı yad etməkdənsə, varlılarla boş-boş danışmağı daha çox sevər. Öz xeyrinə görə (hətta səhv olsa belə,) başqasının ziyanına hökm edər, amma başqasının xeyrinə (hətta düz olsa da) öz ziyanına hökm etməz. Başqasına yol göstərir, özünü isə azdırır. Beləliklə, (başqaları) onun arxasınca gedərlər, o özü isə günah edər. (Öz haqqını) tam alır, (başqasının haqqını isə) tam vermir. Xalqdan qorxar, amma Rəbbinin yolunda yox (onların qorxusundan Allahın bəyənmədiyi işlər görər)! Həmçinin xalqın işində Rəbbindən qorxmaz (onlara ziyan vurar və Allahdan çəkinməz)”.
Seyyid Rəzi deyir: “Əgər “Nəhcül-Bəlağə” kitabında bu kəlamdan başqa ayrı bir şey olmasaydı, təkcə o faydalı nəsihət, yetərli hikmət, bəsirət sahibi üçün gözüaçıqlıq və düşüncə sahibi üçün ibrət və öyüd olmaq baxımından kifayət edərdi”.
Nəhcül-Bəlağə, 142 xütbə.