Müqəddəs Kərbəla şəhəri ilə bitişik və ona yaxın ərazilərdə məskunlaşan iraqlı zəvvarlar hər cümə mütəmadi olaraq əl-Hüseyni və əl-Abbasi (ə.s) hərəmlərini piyada yürüş edərək ziyarət edirlər. Bu barədə Shiawaves xəbər verib.

Məlumata görə, bu adət onların babaları və atalarından qalıb. Onlar da uzun illər İmam Hüseynin (ə.s) və onun qardaşı Həzrət Abbasın (ə.s) hərəmlərinə piyada gəlirdilər.

Ziyarətçilər yürüş ayininin pak imamlarla ünsiyyətdə olmaq və onların hərəmlərini ziyarət etməklə bərəkət qazanmaq üçün sevimli ayinlərdən biri olduğunu bildiriblər. Onlar çoxlu gənclərin, qocaların və qadınların hər cümə günü yaşayış yerlərindən hərəmə doğru gəldiyini vurğulayıblar. Hərəmə çatmaq üçün ziyarətçilər 25-30 km yolun öhdəsindən gəlirlər.

İmam Hüseyni (ə.s) və Həzrət Abbası (ə.s) piyada yürüş edərək ziyarət etmək Əhli Beyti (ə.s) sevənlərin ayinidir. Hər il Ərbəin günü dünyanın müxtəlif yerlərindən milyonlarla müsəlmanlar İraqa axışaraq İmama matəm saxlayır. İraqa səfər zamanı ənənəvi olaraq Nəcəf şəhərindən Kərbəla şəhərinə piyada yürüş keçirilir. Bu iki şəhərin arasındakı məsafə 70 kilometrdir. Peyğəmbərin nəvəsi İmam Hüseyn (ə.s) hicrətin 61-ci ilində, məhərrəm ayının 10-u şəhid edilib. Onun məzarına ilk ziyarət həmin ilin məhz səfər ayının 20-si baş verib.