Məscid Ordubad şəhərinin Yuxarı Ambaras məhəlləsində yerləşir. İbadətgah quruluşuna görə XVIII əsrin tarixi abidəsi hesab olunur. Ehtimal edilir ki, ibadət evi Ağa Mirzə Cəfər adlı şəxs tərəfindən inşa edilib. Bu səbəbdən məscid, həmçinin “Ağa Mirzə Cəfər” və “Mir Cəfər Ağa” məscidi kimi adlandırılır.

İbadət evi düzbucaqlı formadadır. Məscidin fasadı dəmir və kərpiclə, içərisi isə daş və kərpiclə işlənib. İbadətgahın tavanı altı sütun üzərində dayanır. İbadət evi kərpiclə döşənib. Məscidin pəncərə və qapıları şəbəkəlidir. İbadətgahın ikinci mərtəbəsində qadınlar şöbəsi yerləşir.

XIX əsrdə burada təmir bərpa işləri aparılıb. Həmin zaman məscidin üzərində kitabə qoyulub. Orada bu sözlər yazılıb: “Ya Məhəmməd! Ya Əli! Ağa Mirzə Cəfər məscidini Ağababanın oğlu mərhum, mərifətli Cəfərqulu 1284-cü il tarixdə (1868) təmir etdirdi”.

Yuxarı Ambaras məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan-2017.
  3. kataloq.gomap.az