Deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Həcc ziyarətinin qiymətindən danışıb. Millət vəkili QMİ-nin məsələ ilə bağlı açıqlama verməli olduğunu hesab edir. Bu barədə Modern.az xəbər verib.

“Hesab edirəm ki, bu məsələyə tam aydınlıq gətirilməlidir. Vətəndaşlarda narahatlıq yaranıb. Ola bilər, bunun səbəbi qarşı tərəfdə qiymətin yüksəlməsi, xərclərin artımı ilə bağlıdır”, – deyə Milli Məclisin üzvü qeyd edib.

Ceyhun Məmmədov əlavə edib ki, QMİ məsələyə geniş izah verməli və ödənilən vəsaitin hara xərcləndiyini ictimaiyyətə bildirməlidir. “Xərclərə nə daxildir, bilinməlidir. Səudiyyə Ərəbistanı hansı xidmətlərin qiymətini qaldırıb, bunlar açıqlanmalıdır. Bizə də bununla bağlı müraciət edənlər olub. Ona görə məsələyə aydınlıq gətirilməsinin tərəfdarıyam”, – deyə millət vəkili bildirib.

Mayın 26-da QMİ-nin sədr müavini Salman Musayev Həcc ziyarətinə qiymətin Səudiyyə Ərəbistanı tərəfindən müəyyənləşdiyini deyib. Onun sözlərinə görə, qiymətlərin qalxması sağlamlığın qorunması üçün ödənilən rüsumun artmasına görədir. Lakin QMİ rəsmisi digər xərclər barədə məlumat verməyib.

Bu il Azərbaycandan Həcc ziyarətinə 680 nəfər zəvvar yollana biləcək. Səfərin qiyməti isə təxminən 9100 azn təşkil edir.