Bu gün şəvval ayının 25-i (27 may) İmam Cəfəri-Sadiqin (ə.s) şəhadət günüdür. Həzrət məsum İmamların (ə.s) altıncısıdır.

İmam Sadiq (ə.s) hicrətin 83-cü ilində, rəbiul-əvvəl ayının 17-si Mədinə şəhərində dünyaya gəlib və 65 il ömür sürüb.

Onun (ə.s) elm və tədris sahələrində mühüm rolu olub. İmam Mədinə şəhərində tədris mərkəzini açıb, İslam dinini tədris edirdi. Həzrətin elmindən bəhrələnmək üçün insanlar dünyanın müxtəlif yerlərindən Mədinəyə gəlirdilər. O, bir çox alim və 4 mindən artıq şagird yetişdirib. İmam Sadiqin (ə.s) dərslərində, həmçinin maliki məzhəbinin banisi Malik ibn Ənəs, hənəfi məzhəbinin banisi Əbu Hənifə, Süfyan Sovri, Süfyan ibn Üyeynə, İbn Cüreyc, Şobə iştirak ediblər.

İmam Sadiq (ə.s) xilafətdə gözü olmadığını bildirsə də, Həzrətin varlığı xəlifə Mənsuru narahat edirdi. İmam həyatı boyu təzyiqlərə məruz qalırdı. Mənsurun əmri ilə Həzrəti iki dəfə sürgünə göndəriblər. Hicrətin 148-ci ilində isə xəlifə öz valisinə göstəriş verib ki, İmama zəhər içirtsin. Nəticədə şəvval ayının 25-də İmam şəhadətə qovuşdu.

İmam Cəfəri-Sadiqin (ə.s) mübarək məzarı İmam Həsən (ə.s), İmam Zeynəlabidin (ə.s) və İmam Baqirin (ə.s) məzarları ilə yanaşı Bəqi qəbiristanlığında yerləşir.

Vaxtilə bu məzarlar üzərində məqbərə olsa da, 1925-ci ildə radikal dini əqidəyə malik şəxslər tərəfindən sökülüb. Müsəlmanların yeni hərəm üçün müraciətlərinə baxmayaraq, həmin qəbirlər dağıdılmış vəziyyətdə qalmaqdadı.