Ağdam Cümə Məscidində təmir-bərpa işlərinə başlanılıb. Bu haqda Trend mayın 27-də reportaj hazırlayıb.

Abidənin tarixi görünüşünə xələl gəlmədən təmir işləri həssaslıqla və əl ilə görülür. Bildirilir ki, havanın çox isti olmayacağı təqdirdə məscidin təmir işləri daha tez sona çatacaq.

“Mən buraya gələndə məscid çox dağılmışdı, bərbad vəziyyətdə idi. Üzərində də mərmər döşəmələr var idi. İlk işimiz mərmərləri çıxarmaq oldu. Sonra fasadı təmizlədik. Məscidin namaz zalında əsas kərpicdən başqa, bütün gips çıxarılacaq”, – deyə restavrasiya işlərinin rəhbəri bildirib.

Məscidin mehrabı da qəzalı vəziyyətdə olduğuna görə təmir olunacaq. Təmir işləri zamanı, həmçinin minarələr də bərpa ediləcək.

İbadət evi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfi Xan Qarabaği tərəfindən inşa edilib. Ağdamın işğalı dövründə Cümə məscidi yararsız vəziyyətə gətirilib: ibadətgah donuzxana və ferma kimi istifadə olunub. Lakin 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı üçtərəfli bəyanat nəticəsində Ağdam şəhəri işğaldan azad edilib. Ağdam Cümə məscidi ölkə əhəmiyyətli abidə hesab edilir.