Mayın 25-də QMİ-dən Həcc ziyarəti üçün tələb olunan məbləğin yüksək olma səbəbinə aydınlıq verilib. Bu barədə ARB24 xəbər verib.
Bu il Həcc ziyarətinin qiymətinin artması bir çox insanların narazılığı ilə qarşılanıb. Belə ki, ziyarət qiyməti ötən illərə nisbətən daha yüksəkdir və təqribən 9100 manat təşkil edir. Məsələ ilə bağlı QMİ-nin sədr müavini Salman Musayev açıqlama verib.
Onun sözlərinə görə, qiymət Səudiyyə Ərəbistanının qəbul etdiyi qərar əsasında müəyyənləşir. 9100 manata yol, hotel, qida, transfer və hətta sağlamlığın qorunması daxildir. Lakin əvvəllər sağlamlığın qorunması ödənişsiz idi. Sözügedən xərclərin zəvvar tərəfindən ödənilməsi birbaşa səfər qiymətinə öz təsirini göstərir.
2020-ci ildə Həcc ziyarətinin qiyməti təqribən 7650 manat təşkil edirdi. Lakin pandemiya səbəbindən ziyarət baş tutmayıb.
Mayın 24-də DQİDK-nın keçmiş sədri Həcc ziyarətinin biznes olduğunu deyib. Onun fikrincə, belə məbləğdə pulu daha səmərəli istifadə etmək olar. Belə 9 min manata bir neçə xəstənin müalicə pulunu ödəmək və ya onların hansısa işlərinə kömək etmək olar.