Hər bir müsəlmanın ömründə bir dəfə Həcc ziyarətinə getməsi vacibdir. Lakin bir sıra şərtlər var ki, insanı sözügedən vacibatdan azad edir:

  • Həddi-büluğa çatmayan insan;
  • Aqillik (əqli sağlamlıq);
  • Azadlıq, kölə olmamaq;
  • Qadir olmaq (qüdrətin çatması).

Qadir olmaq özündə bir neçə vəziyyəti əks etdirir:

Maddi imkan, fiziki sağlamlıq, yolun açıq və təhlükəsiz olması, vaxtın geniş olması, Həcc ziyarəti zamanı ailənin zəruri yaşayış xərclərini təmin etmək imkanı, Həcdən sonra yaşayış xərclərini təmin etmək imkanı və borclu olmamaq.

Qadir olmayan şəxs özü üçün Həcc ayinini icra etdiyi təqdirdə həmin həcc vacibatı əvəz etmir. Beləliklə, əgər daha sonra qadir olarsa, həcc ayinini yerinə yetirməlidir.

Yaşayış üçün zəruri olan malların (sosial vəziyyətinə görə artıq olmayan, yəni insanın yaşadığı ev, maşın, ev əşyaları, geyimlər və sairə) Həcc üçün satılmasına gərək yoxdur. Lakin insanın artıq malı varsa və bu malın dəyəri Həcc ziyarətinin xərclərini qarşılaya bilərsə, bu halda o, qadir hesab edilir.

İnsan Həcc ziyarəti üçün kifayət edəcək pul əldə edərsə, lakin başqa şəxslərə borcu olsa və əldə etdiyi puldan borclarını hesablasa və nəticədə qalıq pul Həcc ziyarətinə kifayət etmirsə, bu halda ona ziyarət vacib deyil. Borcun ödəniş vaxtının çatıb-çatmamasından asılı olmayaraq, bu hökm eynidir. Lakin bir şəxsin borcu uzun müddət, məsələn 50 il qalarsa, bu hal istisnadır.

Bir şəxsin borcunu gələcəkdə ödəmək imkanı olacağını bilsə belə, Həcc ona vacib deyil. Artıq malın olduğu halda və bu mal və ya mallar Həcc ziyarətinə kifayət edərsə, insan malları satmayıb, Həcc xərcləri üçün borc alarsa, Həcci doğru hesab edilir.

Əgər bir şəxs Həcc ziyarətinin xərclərini, o cümlədən səfər zamanı zəvvarın ailəsinin zəruri yaşayış xərclərini qarşılayırsa, bu halda həmin yardımı almaq və Həcc ziyarətinə yollanmaq vacibdir.

Qeyd edək ki, bu gündən etibarən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Həcc ziyarətinin qiyməti 9106 AZN təşkil edir.