Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev Həcc ziyarətinin biznes olduğunu hesab edir. O, ziyarətə verilən pullarla digər xeyirxah əməllər görməyin daha məqsədəuyğun olduğunu deyib. Bu barədə mayın 25-də Ölkə.Az xəbər verib.

Belə ki, mayın 24-də QMİ bu il Həcc ziyarəti üçün kvota və səfər qiymətini müəyyən edib. Bildirilib ki, vacib Həcc üçün səfər xərcləri 9106 manata başa gəlir. Qeyd olunan məbləğ ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri bu pulun daha səmərəli istifadə oluna biləcəyindən əmindirlər.

Dövlət Komitəsinin sabiq sədri də eyni fikirdə olduğunu bildirib. O hesab edir ki, Həccə səfər təkcə ziyarət deyil, həm də biznesdir. Belə ki, bu işdən zəvvar başçıları da pul qazanır.

“İndi 10 min manat az pul deyil, bununla ölkədə çoxlu savab iş görmək mümkündür. 3-4 nəfərin sağalmasına, xəstəxanada müalicə olunmasına, onların hansısa işlərinə kömək etmək mümkündür. Mənim düşüncəmdə bu, daha yaxşıdır. Həccə gedirsən, Hacı olursan, özün üçün savab qazanırsan. Amma burada başqalarının savabını da özün üçün götürürsən”, – Rafiq Əliyev qeyd edib.

DQDİK-nın keçmiş sədri ötən illərə nisbətən Həccə ziyarət qiymətinin dəyişməsinə də münasibət bildirib: “Həm yolların, həm də mehmanxanaların qiyməti artıb. Bu da qiymətlərin bahalaşmasına səbəb olur”, – deyə Rafiq Əliyev əlavə edib.

Mayın 25-dən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlanıb. Səfərin iyunun 24-dən iyulun 20-dək davam edəcəyi bildirilib.