“İşğaldan azad olunmuş ərazilərdə məscid və dini ibadət yerlərinin müəyyənləşdirilməsi ilə bağlı işlər həyata keçirilir”. Bu sözləri mayın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu günədək Qarabağda 67 məscid aşkarlanıb. Bu barədə APA məlumat verib.

Sədr müavini qeyd edib ki, sözügedən ərazilərdə 2 məscid istisna olmaqla, digərləri dağıdılıb. Nisbətən salamat qalanlar isə Ağdamın Cümə məscidi və Şuşanın Yuxarı Gövhər Ağa məscididir.

Gündüz İsmayılov, həmçinin Qarabağda yeni məscidlərin inşası məsələsinə də toxunub. O, Zəngilan şəhər məscidinin əsaslı təmir olunduğunu bildirib. Eyni zamanda, Hadrut, Şuşa və Suqovuşanda yeni məscid komplekslərinin tikinti işləri davam edir.

Qeyd edək ki, Sovet dövründə həmin 67 məscid tamamilə başqa məqsədlər üçün istifadə edilib.