Mayın 24-də Azərbaycanda İslam dininə aid ibadət yerlərində din xadimi kimi işləmək istəyənlər üçün tələblər müəyyənləşib. Bu barədə Report xəbər verib.

Məlumata görə, bu gün ölkə məscidlərində vakant yerlər üçün müsahibə elan olunub. Müsahibədə iştirak etmək istəyən şəxslər 24 may 2022-ci il tarixindən 24 iyun 2022-ci il tarixədək aşağıdakı sənədləri təqdim etməlidirlər.

– Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

– Tərcümeyi-hal;

– Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

– Sağlamlıq haqqında arayış;

– Narkoloji dispanserdən arayış;

– Ruhi-əsəb dispanserindən arayış;

– Məhkumluq barədə arayış;

– Foto (3×4) (4 ədəd);

– Ərizə;

– Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

İyunun 24-dən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müsahibənin keçirilməsi vaxtı və yeri haqqında məlumatı öz saytında yerləşdirəcək.