Ayətullah Hacı Şeyx Sədrəddin Lənkərani 1902-ci ildə Lənkəranın kəndlərinin birində anadan olub.
Şeyx Sədrəddin dini təhsil almaq üçün Ərdəbil şəhərinə səfər edir. Şeyx Sədrəddin Ərdəbildə üç il ərzində müqəddimə elmlərini öyrənir. O, müqəddimat dərslərini şəhərin alimlərindən aldıqdan sonra elmi dərəcəsini artırmaq üçün 1922-ci ildə Qum şəhərinə köçür. Şeyx Sədrəddin Lənkərani orada müctəhidlərdən İslam elmlərini öyrənir.
Daha sonra Ayətullah Hacı Şeyx Əbdül Kərim Hairinin fiqh və üsul xarici dərslərində iştirak edir. Hacı Şeyx Əbdül Kərim Hairi vəfat etdikdən sonra Şeyx Sədrəddin Lənkərani fiqh və üsul dərslərinin davamını Ayətullah Seyyid Məhəmməd Höccət və Ayətullah Bürucerdidən öyrənir.
Hacı Şeyx Sədrəddin Lənkərani sonra Qumda orta və ali səviyyədə İslam elmlərini tədris etməklə məşğul olur və bir çox alim yetişdirir. Alimin bir neçə əlyazması və məqalələri yadigar qalıb.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.